REGİONLAR
Füzuli rayonunda pandemiya ilə mübarizə tədbirləri davam etdirilir
Füzuli, 7 avqust, AZƏRTAC
Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadiz şəhərində, rayonun kənd və qəsəbələrində müxtəlif təyinatlı binaların, yolların, küçələrin dezinfeksiyaedici məhlullarla yuyulması işləri həyata keçirilir. Eyni zamanda, ərazidə fəaliyyət göstərən mobil qruplar tərəfindən müxtəlif yaşayış məntəqələrində əhali arasında maarifləndirmə xarakterli söhbətlər aparılır, karantin qaydalarına ciddi şəkildə riayət olunması tövsiyə olunur. Vətəndaşlara maarifləndirici bildirişlər paylanılır, qoruyucu maskalardan istifadə edilməsinin, sosial məsafənin qorunmasının, şəxsi gigiyenaya əməl olunmasının, özlərində virusa aid simptomlar hiss etdikləri zaman dərhal Təcili Tibbi Yardıma müraciət etmələrinin vacibliyi izah olunur.
Maarifləndirmə işinin aparılmasında rayon könüllüləri fəal iştirak edirlər.