CƏMİYYƏT
Dünya gəncləri erməni təxribatları ilə bağlı məlumatlandırılıb
Bakı, 8 avqust, AZƏRTAC
Dünya Azərbaycanlıları Assambleyası, Azərbaycan Gənclik Platforması və “Premium Academy”nin birgə təşkilatçılığı ilə “Ermənilərin azərbaycanlı soydaşlarımıza qarşı törətdikləri təxribatlar” adlı videokonfrans keçirilib.
Assambleyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən “Premium Academy”nin direktoru Məhərrəm Eyyubov bildirib ki, Qarabağ bizim sağalmaz yaramızdır. Harada olmağımızdan asılı olmayaraq, Vətəni sevmək lazımdır. İnsan valideynsiz yaşaya bilər, amma Vətənsiz əsla. Vətənə sevgi canda, qanda olmalıdır.
Dünya Azərbaycanlıları Assambleyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Yəhyayev çıxış edərək deyib: “Biz bir təşkilat olaraq erməni təxribatları ilə bağlı bəyanat verdik. Hər kəsə məlumdur ki, xaricdə yaşayan azərbaycanlı gənclərimiz erməni təxribatçılarının hücumlarına məruz qalıblar. Soydaşlarımızdan bəziləri yaralanmışdı. Erməni təxribatçıları hətta diplomatlarımızın ailələrinə qarşı hücumlar təşkil ediblər. Biz də Dünya Azərbaycanlıları Assambleyası olaraq diplomatlarımızın təhlükəsizliyinin qorunması üçün çağırış edirik”.
Konfransda, eyni zamanda, xaricdə yaşayan azərbaycanlı tələbələrin fəaliyyətindən bəhs edilib.
Sonda iştirakçıların fikirləri dinlənilib və sualları cavablandırılıb.
Qeyd edək ki, konfransa xaricdə yaşayan 50-yə azərbaycanlı və digər ölkələrin gəncləri qoşulublar.