REGİONLAR
Şəkidə Beynəlxalq Gənclər Günü qeyd olunub
Şəki, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycan gənclərinin inkişafı və xarici ölkələrdə təhsil üzrə çoxsaylı Dövlət proqramları qəbul olunub. Beynəlxalq gənclər hərəkatının fəal üzvü olan Azərbaycan gəncliyi bu gün Avropanın və dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında təmsil edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Şəki Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi videokonfransda səsləndirilib.
Konfransda idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin gənc əməkdaşları iştirak ediblər.
Onlayn formatda keçirilən konfransı Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova açaraq, 1998-ci ildən etibarən hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut ediblər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdırlar. Müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir.
Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan öz tarixinin şərəfli, eyni zamanda, mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması, dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin tam həlli kimi görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə şübhəsiz ki, bugünkü gənclərin üzərinə düşür.
Sevindirici haldır ki, dövlətin qayğısını daim hiss edən gənclər göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bu yüksək münasibətə cavab olaraq bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini daim dəstəkləyirlər.