CƏMİYYƏT
“Xəzər dənizinin ekoloji vəziyyəti: risklər və təkliflər” mövzusunda videokonfrans keçirilib
Bakı, 13 avqust, AZƏRTAC
Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, maraqlı və məsul tərəflərin iştirakı ilə “Xəzər dənizinin ekoloji vəziyyəti: risklər və təkliflər” mövzusunda videokonfrans keçirilib.
Bunu AZƏRTAC-a nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Neft Şirkəti, “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC və nazirlik yanında İctimai Şuranın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzərin ekoloji problemləri, görülmüş və görüləcək işlər, dənizin ekoloji mühitinə mənfi təsirlərinin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb: “Onlayn görüşdə aidiyyəti qurumların, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyətinin vacibliyi vurğulanıb, Xəzərin çirklənmədən qorunması məsələsinin gündəmdə saxlanılması, konkret tədbirlərin görülməsi və cavabdeh məsul tərəflərlə mütəmadi fikir mübadiləsinin aparılması qərara alınıb”.