CƏMİYYƏT
Seroloji testlər Almaniyadan gətirilən reaktivlər vasitəsilə aparılacaq
Bakı, 13 avqust, AZƏRTAC
COVID-19 80 faiz hallarda assimptomatik, yəni heç bir simptomsuz gedən infeksiya növüdür. İndiyə qədər COVID-19-la əlaqədar analizlər yaxma götürülərək aparılan aktiv analizlərdir və infeksiyaya yoluxub-yoluxmamağı müəyyən edir. Seroloji analizlər isə xəstəliyin keçirib-keçirilmədiyini aşkar etmək üçündür. Analizlərin nəticələri maksimum 2-3 gün ərzində hazır olur.
AZƏRTAC xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun dediyinə görə, elmi-tədqiqat xarakteri daşıyan testlərin əsasən 18 yaşdan 65 yaşa qədər olan əhali arasında aparılması nəzərdə tutulub. Analizlər Almaniyadan gətirilən yüksək həssaslığa və spesifikliyə malik reaktivlər vasitəsilə aparılacaq və yanlışlıq dərəcəsi minimum səviyyədədir.
Jurnalistlərə məlumat verilib ki, seroloji testlər İspaniyada 35 min, Türkiyədə 153 min nəfər arasında keçirilib, həmçinin Almaniya, İsveçrə, Hindistan və digər ölkələrdə də aparılıb. Ölkəmizdə aparılan seroloji testlər başa çatandan sonra elmi tədqiqatların nəticələri barədə məlumat veriləcək.