CƏMİYYƏT
“Bugünkü gənclik, sabahkı uğur” mövzusunda onlayn forum keçirilib
Bakı, 14 avqust, AZƏRTAC
Mingəçevir Gənclər evinin təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin, şəhər gənclər və idman idarəsinin və Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunan “Bugünkü gənclik, sabahkı uğur” mövzusunda forum keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumda könüllülər, tələbə və gənclər iştirak ediblər.
Mingəçevir Gənclər evinin əməkdaşı Samrin Xanlayev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov gənclik və təhsilin bir-birini tamamlayan, paralel və ayrılmaz məfhum olduğunu vurğulayıb, bu gün ölkə gənclərinin özünü sübut etməsi və cəmiyyətdəki rolunu artırması üçün kifayət qədər imkan olduğunu qeyd edib.
Gənclərimizin təhsilə marağı olan ölkələr arasında ilk onluqda yer aldıqlarını deyən rektor ali məktəbə daxil olduqdan bitirənədək ötən müddətdə onların düşüncə və davranışlarının yeniləndiyini diqqətə çatdırıb. Ş.Bayramov xarici universitetlərlə yaradılan əməkdaşlıq və gənclərin xarici ölkələrdə təhsilini davam etdirməsi məsələsinə toxunub.
Mingəçevir Turizm Kollecinin direktoru Səid Salayev təhsil müəssisəsinin gənclərin ixtisas peşə hazırlığı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə gördüyü işlərdən danışıb. Prezident İlham Əliyevin gənclər sahəsində apardığı məqsədyönlü islahatları nəzərə alaraq tələbə gənclərin özünü inkişaf etdirməsi, gələcəkdə cəmiyyətdə fəal iştirakının diqqət mərkəzində olduğunu bildirib.
Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Gənclər və İdman Nazirliyi, onun paytaxt və bölgələrdəki qurumlarının gənclərin dünyagörüşünün formalaşmasında, gələcək karyera hazırlığında, sağlamlıqlarının qorunmasına, məşğulluğunun təmin edilməsində, vətənpərvər ruhda tərbiyəsində yaxından iştirak etdiyini və fəaliyyətlərində bunları təmin etməyi qarşılarına məqsəd qoyduğunu deyib. Gənclərin bugünkü inkişaf səviyyəsinin əmək bazarının tələblərinə uyğunlaşma dərəcəsinə diqqət çəkən K.Nəcəfli onlara yaxşı təhsil almağı, gələcək üçün bilik və bacarıqlarını hər zaman inkişaf etdirməyi məsləhət görüb.
Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən yaradılan Gənclər Evləri şəbəkəsinin gənclər üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Forumda gənclərin sualları cavablandırılıb.