SİYASƏT
GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Vaşinqton, 14 avqust, AZƏRTAC
Avqustun 13-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstanın, Moldovanın və Ukraynanın bu ölkədəki səfirləri David Bakradze, Eugen Karas və Volodimir Yelçenkonun iştirakı ilə vebinar təşkil olunub.
Tədbirdə iştirakçılar GUAM ölkələrinin ABŞ-dakı səfirlikləri arasında əməkdaşlığın hazırkı səviyyəsi barədə müzakirələr aparıb, ümumi maraqlar əsasında gələcək birgə təşəbbüslər barədə qərar qəbul ediblər. Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviqi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, onlayn formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
AZƏRTAC-ın Vaşinqton bürosu