DÜNYA
Avqust ayında Tokioda istilər səbəbindən 26 nəfər həyatını itirib
Tokio, 14 avqust, AZƏRTAC
Avqustun 11-dən 12-dək Tokioda isti hava və günvurma səbəbindən azı 14 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, ölənlərin doqquzunun yaşı 80-dən yuxarıdır. Ümumilikdə avqust ayında Tokioda 26 nəfər həyatını itirib.
Avqustun 13-də Yaponiya Yanğından Mühafizə Baş İdarəsi cari ayın 3-dən 9-dək 10 nəfərin öldüyü və 6600 nəfərin günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Yaponiyanın hakimiyyət orqanları əhalini isti günlərdə səhhətlərinə diqqətlə yanaşmağa və çoxlu maye qəbul etməyə çağırıb.
Qeyd edək ki, başa çatmaqda olan həftə Yaponiyada cari yayın ən isti günləri müşahidə edilib. Bir sıra rayonlarda termometrin civə sütunu müsbət 38 dərəcəni, Qumma prefekturasında isə 40 dərəcəni aşıb.
Yaponiyada yay fəslinin ən isti günləri adətən iyul-avqust aylarına təsadüf edir. Lakin iki ildir ki, iyulda ölkədə daha çox yağışlı günlər müşahidə edilir.
Ötən il bütün ölkə üzrə istilərdən 126 nəfər həyatını itirib, təqribən 70 min nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio