ELM VƏ TƏHSİL
Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi çapdan çıxıb
Bakı, 14 avqust, AZƏRTAC
AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nömrəsi çapdan çıxıb və elmi müəssisənin saytına (www.plantfungalres.az) yerləşdirilib.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, ingilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun direktoru, akademik Validə Əlizadədir. Jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdırmaq və bununla da beynəlxalq aləmdə aparılan tədqiqatlara töhfə verməkdir.
Nəşrin bu nömrəsində müşahidə və təhlilə əsaslanan klassik botaniki, mikoloji araşdırmalarla yanaşı, eksperimental botaniki tədqiqatlara dair elmi məqalələr yer alıb. Hazırda jurnal "WoS" və "Scopus" elmmetrik məlumat bazalarına qiymətləndirmə üçün təqdim edilib.