ELM VƏ TƏHSİL
Akademik: Alimlər sudan səmərəli istifadəyə dair alternativ mənbələr əsasında təkliflər hazırlamalıdır
Bakı, 14 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamına əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq olunub. Son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, çaylarda sululuğun və yağıntıların miqdarının azalması, kənd təsərrüfatının inkişafı, əhali sayının artması ilə içməli suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Yer Elmləri Bölməsinin elmi şurasının onlayn iclasında deyib.
Akademik dövlət başçısı tərəfindən təsdiq olunan Tədbirlər Planında nəzərdə tutulan məsələlərin həllinə AMEA alimlərinin də cəlb edildiyini söyləyib. Diqqətə çatdırıb ki, akademiyanın mütəxəssisləri alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə, eləcə də “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihəsinin hazırlanması ilə bağlı təkliflər hazırlamalıdır.