İQTİSADİYYAT
OPEC “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan ölkələrin hasilat kvotalarına sadiqliyi üzrə müsbət göstəriciləri alqışlayıb
Bakı, 18 sentyabr, AZƏRTAC
OPEC “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan kartelə üzv və qeyri-üz ölkələrin neft hasilatı kvotalarına sadiqliyi üzrə müsbət göstəriciləri alqışlayıb.
AZƏRTAC xəbər verir ki, OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında 22-ci iclası keçirilib.
İclasda JMMC Birgə Texniki Komitə (JTC) tərəfindən hazırlanan aylıq hesabatı və avqustun 19-da keçirilən son iclasından ötən müddətdə qlobal neft bazarındakı inkişafları nəzərdən keçirib. Komitə cari ilin dördüncü rübü və 2021-ci ilədək bazar perspektivlərini də müzakirə edib. Həmçinin bu ilin avqust ayı üçün xam neft hasilatına dair məlumatlar nəzərdən keçirilib. OPEC “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan kartelə üzv və üzv olmayan ölkələrin hasilat kvotalarına sadiqliyi üzrə müsbət göstəriciləri alqışlayıb.
JMMC kvotalara tam uyğunluğa sadiq qalmağın və nəzərdə tutulandan artıq istehsal edilmiş neft həcmlərinin ən qısa müddətdə kompensasiya etməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.