REGİONLAR
Qəbələdə karantin rejimi ilə bağlı reydlər davam edir
Qəbələ, 18 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qəbələ rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri həyata keçirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin edilməsi, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son üç gündə rayonda 102 ticarət, həmçinin əhalinin daha çox müraciət etdiyi 164 digər təyinatlı obyektə baxış keçirilib. Vətəndaşlara koronavirus pandemiyası ilə əlaqədar müəyyən edilən qaydalara əməl olunması hərtərəfli izah edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri davam etdirilir.