İQTİSADİYYAT
Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək
Bakı, 18 sentyabr, AZƏRTAC
Beynəlxalq Enerji Xartiyası və Azərbaycanın Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkəmizin sədrliyi ilə “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpaolunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forum oktyabrın 28-də saat 9:00-dan 13:00-dək onlayn formatda təşkil olunacaq. Forumda bərpaolunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək. Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər.
Forumda iştirak dəvət əsasında həyata keçirilir. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://www.energycharter.org/media/events/article/baku-international-energy-charter-forum/?