DÜNYA
Nepalda COVID-19-a yoluxanların sayı 60 mini ötüb
Pekin, 19 sentyabr, AZƏRTAC
Nepalda ötən sutka ərzində COVID-19 virusuna 2020 yoluxma qeydə alınıb. Bu, pandemiya başlayandan bəri Nepalda qeydə alınan sutkalıq ən böyük rəqəmdir.
AZƏRTAC Nepalın Səhiyyə və Əhali Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, indiyədək ölkədə 61 min 593 nəfər bu virusa yoluxub. Ötən gün qeydə alınan 7 ölüm faktı ilə birlikdə pandemiya qurbanlarının sayı 390-a çatıb.
Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Amma iyulun son günlərindən başlayaraq yoluxma sayında davamlı artım müşahidə olunur. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətə artır.
Bundan başqa, sentyabrın 17-dən ölkədə şəhərlərarası ictimai nəqliyyatın, hotellərin və restoranların fəaliyyətinin bərpasının da gündəlik yoluxma sayının 2 mini ötməsinə təsir göstərdiyi güman olunur. Bir neçə gün əvvəl isə mağazaların fəaliyyəti bərpa olunmuşdu.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin