İQTİSADİYYAT
Avqustda ictimai iaşə dövriyyəsi azalıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb. Səbəb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin ölkəmizlə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (bu ilin mart, aprel, may, iyun, iyul və avqust ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12 dəfə, 13 dəfə, 11,5 dəfə) nəticəsində mart, aprel, may, iyun, iyul və avqust aylarında keçən ilin müvafiq ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcmində azalma müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin avqust ayında ictimai iaşə dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 2,9 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin həcmi keçən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,1 dəfə azalaraq 463,6 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 45,9 faizi hüquqi şəxslərin, 54,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə keçən ilin yanvar-avqust ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 211,1 milyon manat təşkil edib.