CƏMİYYƏT
Xəzər rayonunda bacısını odlu silahla qətlə yetirən şəxs tutularaq istintaqa cəlb edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də səhər saatlarında Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.