REGİONLAR
Yaponiyada yaşayan dünya şöhrətli azərbaycanlı alim NDU-da vebinar keçib
Naxçıvan, 21 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “LCD İşıqlandırma vahidi üçün optiklər” adlı vebinarı Yaponiyada yaşayan dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər keçib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxış edərək universitetin maddi-texniki bazası, müasir tədris üsulları, ali təhsil ocağının beynəlxalq əlaqələri barədə danışıb.
Xəlil Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlara dair təqdimatla çıxış edib, LCD işıqlandırma vahidi üçün optiklərdən, slaydlar vasitəsilə panellərin arxa işıqlandırılmasından bəhs edib. O, dünyada ilk dəfə işıqla yönləndirilən optik mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin, məişətimizə geniş daxil olan LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı kimi öz kəşfləri haqda ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, Xəlil Kələntər işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metodu üçün xüsusi mükafat, 2016-cı ildə isə Yaponiya Maye Kristal Cəmiyyətinin xüsusi “Texnoloji inkişaf mükafatı"nı alıb. Alim apardığı araşdırmalarla yalnız Yaponiyada deyil, eyni zamanda, Amerika və Avropada da yaxşı tanınır. O, 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Alim elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, 130-dan artıq elmi məqalənin müəllifidir. LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün 2007-ci ildə kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü seçilib, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür.
Xəlil Kələntər hazırda “Global Optical Solutions” şirkətinin və CEREBA-nın (Yeni Nəsil Kimyəvi Materialların Araşdırılması Elmi-Tədqiqat İnstitutu) baş tədqiqatçısıdır. Bundan əlavə, soydaşımız “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin də üzvüdür. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. LCD texnologiyaları üzrə yapon dilində 3 kitabın, həmçinin elektronik displeylə bağlı olan yapon və ingilis dillərində nəşr edilən 11 kitabın həmmüəllifidir.