REGİONLAR
Lənkəranda 38 kilometr yol yenidən qurulub VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
Lənkəran rayonunda ümumi uzunluğu 38,6 kilometr olan avtomobil yolları 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bir neçə istiqamət üzrə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunlar rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 kilometrlik hissəsidir.
Yenidənqurma işləri çərçivəsində genişmiqyaslı işlər görülüb, yol əsasının alt və üst layının inşası aparılıb. Sözügedən işlərin əhatə etdiyi sahə təqribən 380 min kvadratmetrdir.
Yolun altından suların ötürülməsi məqsədilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Bu çərçivədə müxtəlif diametrlərə malik 1922 poqonmetr uzunluğunda 164 dəmir-beton dairəvi suötürücü borular quraşdırılaraq izolyasiya olunub.
AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” İnstitutunun hazırladığı layihəyə əsasən, əlaqələndirici bitum səpilməklə yolların iri və xırda dənəli asfalt-beton qarışığı ilə örtülməsi, çiyin hissələrin isə optimal qum-çınqıl qarışı ilə bərkidilməsi işləri aparılıb. Bundan başqa, yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılıb, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkilməklə sözügedən yollarda müasir yol infrastrukturu yaradılıb.