REGİONLAR
Fövqəladə hallara hazırlıq tədbirləri davam etdirilir
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qоyulmuş vəzifələrin icrası uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay cari ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı nazirliyin kollegiya iclası keçirilib, 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlanıb, Naxçıvan şəhərində və rayonlarda 550 qazanxanada texniki və yanğın təhlükəsizliyinin təmin olunmasına baxış olub, həmçinin maarifləndirmə işi aparılıb.
Muxtar respublikada mülki müdafiə işinin təşkili məqsədilə 53 müəssisə və təşkilatda mülki müdafiə sənədlərinin qanunvericiliyin tələblərinə uyğun işlənilməsinə metodik köməklik göstərilib, 7 tibb müəssisəsində radiasiya təhlükəsizliyinin vəziyyəti yoxlanılıb, 2 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilib.
Avqust ayında da pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilərək Şərur və Babək rayonları ərazisində, ümumilikdə, 170 min kvadratmetr sahədə dezinfeksiya işi aparılıb.
Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 116 obyektdə diqqətli, 276 obyektdə nəzəri, 33 obyektdə məqsədli yoxlamalar təşkil edilib, 2 min 861 yaşayış evinə baxış keçirilərək yanğın cəhətdən təhlükəli оlan 32 elektrik xəttinin, 60 şlanqla çəkilmiş qaz xəttinin dəyişdirilməsi təmin edilib, 72 tezqatlanan tüstü borusunun istismarı dayandırılıb. Həmçinin 34 obyektdə yanğına qarşı maarifləndirici tədbir keçirilib, 5 min 973 vətəndaş yanğına qarşı təlimatlandırılıb. 87 obyektlə icbari sığorta müqaviləsi bağlanıb. Şahtaxtı gömrük-keçid məntəqəsində könüllü yanğınsöndürmə komandasının hazırlığı yoxlanılıb.
Ay ərzində Uzunoba çimərliyində xilasedici dalğıcların xidməti təşkil edilib, suda boğulma təhlükəsi ilə üzləşmiş 5 vətəndaş xilas edilərək ilk tibbi yardım göstərilib.