DÜNYA
İtaliyada keçirilən regional seçkilərdə sol-mərkəzçi qüvvələr Salvininin tam qələbəsinə imkan verməyiblər
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 20-21-də İtaliyada keçirilən regional seçkilərdə Baş Nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi sosial-demokrat qüvvələr keçmiş Daxili İşlər naziri və “Leqa“ partiyasının sədri Matteo Salvininin uğur qazanmasına imkan verməyiblər.
AZƏRTAC xəbər verir ki, regional seçkilərin keçirildiyi yeddi əyalətin hamısında ”Leqa”nın başçılıq etdiyi alyansın qələbəsi proqnozlaşdırılsa da, Salvininin bu planı baş tutmayıb. Sosial-demokratlar tarixən solçuların üstünlük təşkil etdikləri Toskanada “Leqa“nın namizədi Suzanna Sekkardi sol-mərkəzçi Oyqenio Qianiya məğlub olduğunu etiraf edib. Veneto, Liquriya, Marke əyalətlərində seçkilərdə sağ-mərkəzçi namizədlər qalib gəlsələr də, Kampaniya və Apuliyada sosial-demokratlar üstünlük əldə ediblər.
Mərkəz-sağçı koalisiyaya rəhbərlik edən “Leqa” partiyasının sədri Matteo Salvini regional seçkilərin nəticəsindən məmnun qaldığını bildirib. O qeyd edib ki, mərkəz-sağçı alyans hazırda İtaliyada əsas siyasi qüvvəyə çevrilib və ölkənin 20 regionuna 15-də mərkəz-sağçı siyasətçilər rəhbərlik edir. Eyni zamanda, ölkədəki bütün siyasi partiyaları ayrı-ayrılıqda dəyərləndirdikdə, “Leqa“ ən güclü partiyadır.
Regional seçkilər təxminən bir ildən bəri hökumətə başçılıq edən bitərəf Cüzeppe Konti üçün əsas sınaqlardan biri hesab edilir. Koalisiyalı hökumətdə təmsil olunan partiyaların daxili çəkişmələr içində olması və regional seçkilərdə vahid namizədlərlə iştirak etməməsi bir çox regionda seçkilərə vahid namizədlə qoşulan müxalifət alyansının xeyrinə işləyib. Daxili çəkişmələrə baxmayaraq, koalisiyalı hökumət növbədənkənar ümumilikdə parlament seçkilərinə getməkdə maraqlı deyil və 2023-cü ildə baş tutmalı olan növbəti seçkilərə qədər fəaliyyət göstərmək istəyir.