REGİONLAR
Astarada videokonfrans: “Sülh - bəşəriyyətin ən ali dəyəridir”
Astara, 22 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Heydər Əliyev Mərkəzi və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh-bəşəriyyətin ən ali dəyəridir” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Videokonfransda Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının məsləhətçisi Rübabə Muradova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, idarənin gənclərlə iş üzrə nümayəndəsi Abbas İbrahimli, Astara Pedaqoji Kollecinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynova, Astara şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Xədicə Əliyeva, Loqos Psixoloji Nitq İnkişafı Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Rəhimova, İqtisadi Araşdırmalar Yardım İctimai Birliyinin sədr müavini Aygül Məmmədova, müəllim Təbriz Mirişli, könüllü gənclər mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır - Sülh! Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh carçıları isə gələcəyimiz olan uşaqlardır.
Lakin çox təəssüflər olsun ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanına çevrilməkdədirlər.
Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib.
2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən o vaxtdan Sülh Günü əlamətdar bir hadisə kimi dünya miqyasında qeyd olunur.
Diqqətə çatdırılıb ki, son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın bu istiqamətdə də yeri və roluna öz müsbət təsirini göstərir. Dünyada sülhün, təhlükəsizliyin təminatını vacib amil kimi önə çəkən dövlətimizin başçısı bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərir. Azərbaycan Prezidenti ən yüksək tribunalardan qətiyyətlə bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır.