DÜNYA
Yaponiyada ümumi seçkilərin təşkili vaxtı hakim partiyada fikir ayrılığına səbəb olub
Tokio, 22 sentyabr, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyasında (LDP) ölkədə ümumi seçkilərin təşkili vaxtı ilə əlaqədar fikir ayrılığı yaranıb.
AZƏRTAC xəbər verir ki, ötən həftə LDP-nin yeni sədri seçilən Yoşihide Suqa jurnalistlərə koronavirusla mübarizənin və iqtisadiyyatın bərpasının onun fəaliyyətinin əsas istiqamətlərini təşkil edəcəyini bildirib.
Y.Suqa, həmçinin qeyd edib ki, parlamentin aşağı palatasının səlahiyyətlərinin təqribən bir il sonra başa çatacağını nəzərə alaraq seçkilərin vaxtını təyin edəcək.
LDP-dən olan bir çox deputatlar Y.Suqanın öz hökumətinin tərkibini artıq seçdiyini əsas gətirərək aşağı palatanın yaxın zamanlarda buraxılmasının məqsədəuyğun olmadığını qeyd edirlər. Onların rəyinə görə, siyasi boşluğun əmələ gəlməsinə imkan verməyəcəyini vurğulayan Baş Nazir əsas diqqəti pandemiya ilə mübarizəyə yönəldəcəyini vəd edib. Həmin deputatlar, həmçinin bildirirlər ki, qarşıda Tokio Yay Olimpiya və Paralimpiya Oyunları gəldiyinə görə aşağı palatanın buraxılması əlavə problemlər yarada bilər.
Bununla yanaşı, Maliyyə naziri Taro Asonun rəhbərlik etdiyi fraksiyanın üzvləri yeni hökumətin yüksək reytinqini əsas gətirərək Y.Suqanın aşağı palatanı buraxaraq vaxtından əvvəl ümumi seçkilər təyin etməsini məqsədəmüvafiq hesab edirlər. Bu qrup Baş Nazirin vaxtından əvvəl seçkilər təyin etmək üçün aşağı palatanı cari ilin sonunda və ya gələn ilin əvvəllərində buraxmasını təklif edir.
Mütəxəssislərin qənaətinə görə, belə olan şəraitdə Y.Suqa koronavirus pandemiyası və hökumətin reytinqi ilə əlaqədar vəziyyəti nəzərə alaraq hərəkət edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio