REGİONLAR
Şamaxı rayonunda yeni elektron müraciət sistemi istifadəyə verilib
Şamaxı, 22 sentyabr, AZƏRTAC
Şamaxı Rayon İcra Hakimiyyətində onlayn müraciətin genişləndirilmiş formatda tətbiqinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni istifadəyə verilən elektron müraciət sisteminin köməyi ilə vətəndaşlar evdən, iş yerindən çıxmadan müraciətlərini onlayn şəkildə ünvanlaya biləcəklər. Onlayn müraciəti rayon icra hakimiyyəti ilə yanaşı, sistemə inteqrasiya olunmuş dövlət qurumları da görə biləcək. Habelə, vətəndaşların istənilən vaxt elektron kabinetlərində müraciətlərinin statusunu izləməsi də mümkün olacaq. Məsələn, vətəndaş səhhəti, təhsili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi təsərrüfatı və sair ilə bağlı müraciətini sistemə daxil etdikdən sonra rayon icra hakimiyyəti ilə koordinasiyalı şəkildə aidiyyəti qurumlar tərəfindən müraciətin araşdırılması həyata keçiriləcək, həlli istiqamətində iş aparılacaq və vətəndaş bu barədə məlumatlandırılacaq.
İstifadəyə verilən elektron müraciət sistemi Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinin "Elektron müraciət" bölməsində yerləşdirilib.
Əgər vətəndaşın onlayn müraciət sisteminə daxil olmaq imkanı yoxdursa, bu zaman rayon icra hakimiyyəti yanında yaradılan ofisə gələrək müraciətini sistem üzərindən ünvanlaya bilər.
Qeyd edək ki, elektron müraciət sistemi vətəndaşların işini asanlaşdırmaqla yanaşı, pandemiya dövründə onların dövlət qurumları ilə fiziki təmasını azaldacaq.