İQTİSADİYYAT
“Azərkosmos” qlobal media yayım şirkəti olan “Viewmedia” ilə əməkdaşlığa başlayıb
Bakı, 22 sentyabr, AZƏRTAC
“Azərkosmos” ASC qlobal yayım xidmətləri bazarında fəaliyyət göstərən, televiziya və radio kanallarının yayımını həyata keçirən “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Viewmedia” şirkəti Yaxın Şərq, Avropa və Afrika regionlarında müştərilərinə “Azerspace-1” peykinin resursları vasitəsilə rəqəmsal peyk xidmətləri təqdim edəcək.
“Viewmedia” şirkəti dünya miqyasında istənilən yerüstü platformadan 150-dən çox televiziya və radio kanallarının yayımını təmin edir və yüksəkkeyfiyyətli infrastrukturu vasitəsilə videoməzmunun asanlıqla daşıyıcılara paylanılmasını həyata keçirir.
“Viewmedia” şirkətinin yüksək texnoloji yerüstü yayım şəbəkələri müştərilərimiz üçün “Azerspace-1” peykinin resurslarının səmərəli istifadəsini təmin edəcək”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye qeyd edib.
“Bu əməkdaşlıq bizə xüsusilə Afrika regionunda milyonlarla izləyicimizə baxımlı kanalların fasiləsiz olaraq çatdırılmasına imkan yaradacaq”, – deyə “Viewmedia” şirkətinin kommersiya direktoru Safiya Rana bildirib.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.