DÜNYA
Vyana məktəblərində mobil qruplar koronavirus testi aparacaqlar
Vyana, 23 sentyabr, AZƏRTAC
Koronavirusa yoluxma sayı artdıqca testdən keçməli olanların sayı da artır. Hazırda Avstriyanın bütün regionlarında, xüsusilə də paytaxt Vyanada testdən keçənə və cavabı alana kimi bir neçə gün vaxt lazım olur. Bu isə gərginliyə, haqlı narazılığa, hətta bəzən əsassız yerə karantinə, test nəticəsinin gecikməsi isə yoluxmanın vüsət almasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, yaranmış xaotik vəziyyətdən çıxmaq üçün Vyana şəhər meriyası Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində məktəblərdə qarqara üsulu ilə sürətli koronavirus testləri aparacaq. Təhsil naziri Haynts Fasmann pilot layihəni təqdim edərkən bildirib ki, dörd mobil qrup şəhər məktəblərində operativ şəkildə testlər həyata keçirəcək və nəticələr 24 saatdan gec olmayaraq təqdim ediləcək. Mövsümi xəstəliklərin baş qaldırdığı payız aylarında aparılan testlər vasitəsilə yanlış həyəcan siqnallarının da qarşısını almaq mümkün olacaq.
Qarqara üsulu ilə testlərin PCR-dən üstün cəhəti ondan ibarətdir ki, bu testin aparılması üçün xüsusi peşəkar tibbi heyətə ehtiyac yoxdur. Natrium-xlorid tərkibli məhlulla bir dəqiqə qarqara etdikdən sonra nümunə qısa zamanda laboratoriya şəraitində yoxlanıla bilir.
Artıq 600 min dəst qarqara testi sifariş verən Vyana şəhər meriyası mobil qruplara paralel şəkildə məktəblərin bu testi müstəqil şəkildə aparmasını həyata keçirmək niyyətindədir. Bunun üçün isə hələlik səhiyyə qurumlarının müvafiq icazəsi lazımdır.
Sentyabr ayının sonundan etibarən məktəblərdə, həmçinin monitorinq proqramı həyata keçiriləcək. Üç-dörd həftəlik intervalla Avstriyanın müxtəlif regionlarında kompüterlə təsadüfi seçilmiş 120 məktəbdə 15 min şagird və 1200 müəllim koronavirus testindən keçəcək. Təhsil Nazirliyi bu testlərin köməyilə yoluxma ocaqlarının vaxtında aşkarlanacağına və tədris müəssisələrində epidemioloji vəziyyət barədə səhih məlumat əldə ediləcəyinə ümid bəsləyir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana