SİYASƏT
AŞPA-nın vitse-prezidenti: Azərbaycan və Ukrayna beynəlxalq arenada birlik nümayiş etdirir
Kiyev, 23 sentyabr, AZƏRTAC
Azərbaycan və Ukrayna arasında münasibətlər getdikcə güclənir. Ukraynanın yeni qəbul edilən milli təhlükəsizliyə dair strategiyasında Azərbaycanın strateji tərəfdaş müəyyən edilməsi onu göstərir ki, hər iki ölkə daha sıx münasibətdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin sədri Aleksandr Merejko ölkəmizin Ukraynadakı səfirliyində Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, strateji tərəfdaşlıq münasibətləri olan Azərbaycan və Ukrayna beynəlxalq arenada birlik nümayiş etdirir. “Bütün beynəlxalq platformalarda hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Bu strateji tərəfdaşlıq münasibətləri Azərbaycan və Ukraynanın ərazi bütövlüyünün bərpasına öz töhfəsini verəcək”, - deyə AŞPA-nın vitse-prezidenti əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev