CƏMİYYƏT
Tibb Universitetinin məzunu Fransanın Eks-Marsel Universitetində müəllim-tədqiqatçı kimi işə qəbul edilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsinin məzunu, əczaçılıq üzrə fəlsəfə doktoru Elnur Qarayev Fransanın nüfuzlu Eks-Marsel Universitetinin Farmakoqnoziya və etnofarmakologiya kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, otuza qədər elmi işin müəllifi olan E.Qarayevin bəzi məqalələri nüfuzlu “Elsevier” (Hollandiya) mətbu orqanına daxil olan “Fitoterapiya” və “Flora” kimi yüksək impakt faktorlu elmi jurnallarda çap olunub.
Qeyd edək ki, 80 min tələbənin təhsil aldığı həmin universitet beynəlxalq reytinqinə görə dünyanın ən yaxşı ali məktəblərinin sırasına daxildir.