ELM VƏ TƏHSİL
Dərsliklərin qiymətləndirilməsi üzrə mütəxəssis olmaq istəyənlərin nəzərinə
Bakı, 24 sentyabr, AZƏRTAC
Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri tələb olunur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilən materialların elmi etibarlılığını, dəqiqliyini, inkişaf, tərbiyə və dəyər istiqamətlərini, şagirdlərin yaş xüsusiyyətlərinə, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğunu, dizayn və tərtibatın məntiqliyini, estetikliyini və müasirliyini qiymətləndirəcəklər.
Dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis olmaq istəyən namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə, müraciət etdiyi fənnə uyğun pedaqoji və ya elmi təcrübəyə malik olmalı, “Microsoft Word” proqramından istifadə etməyi bacarmalıdır.
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları ilə iş təcrübəsi olan, ingilis dilini bilən, xarici tədris resurslarının tərcümələrində iştirak edən, elmi dərəcəsi, 10 (on) ildən artıq pedaqoji təcrübəsi, buraxılış imtahanlarında tətbiq edilən tapşırıqların, xüsusilə situasiya tapşırıqlarının hazırlanmasında təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Müraciət edən şəxslər fənni göstərmək şərti ilə qısa avtobioqrafiyalarını (CV) sentyabrın 30-dək [email protected] elektron poçtuna göndərə bilərlər. Maraqlananlar əlavə məlumatı iş günləri saat 09:00-dan 18:00-dək bu ünvandan ala bilərlər: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, əlaqələndirici şəxs Vüsalə Firdovsi qızı Əliyeva, E-poçt: [email protected].
CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək tələb olunacaq. Sınaq qiymətləndirmə əsasında ən uyğun namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəklər.
Xatırladaq ki, dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir.