CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatı hər bir veterana xüsusi qayğı ilə yanaşır
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı hər bir veterana xüsusi qayğı ilə yanaşır. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov Prezident İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıya dair dövlət siyasətini rəhbər tutaraq mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır.
Yaxın günlərdə Respublika Veteranlar Təşkilatına Böyük Vətən müharibəsi iştirakçısı ikinci qrup müharibə əlili Aleksandr Belikovun əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubu daxil olub. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini müharibə əlili Aleksandr Belikova əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib.