SİYASƏT
Gürcüstan saytları Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından materiallar yayıblar
Tbilisi, 28 sentyabr, AZƏRTAC
Gürcüstanın nüfuzlu interpressnews.ge və report.ge informasiya portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından materiallar yayıblar.
AZƏRTAC xəbər verir ki “Otuz ildir davam edən işğala son qoyulacaq”, “Bizə bu münaqişənin yarımçıq həlli lazım deyil, bizə başqa ölkənin torpağı lazım deyil, öz torpağımızı da heç kimə verməyəcəyik”, “Əks hücum əməliyyatları Azərbaycan ərazilərinin işğalına son qoyacaq”, “Bir neçə yaşayış məntəqəsi azad edilib” sərlövhəli materiallarda Azərbaycan Prezidentinin çıxışından əsas məqamlar oxucuların diqqətinə çatdırılıb.
Rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda deyilir: “Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır”.
Qeyd olunur ki, Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib.
Prezident İlham Əliyevin çıxışından gətirilən sitatda deyilir: “Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi