ELM VƏ TƏHSİL
Dəniz Akademiyasının müəllimlərinin kitabları Beynəlxalq Kitab Forumunda nümayiş olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Rusiyanın paytaxtı Moskvanın “Manej” sərgi salonunda keçirilmiş 33-cü Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) müəllimlərinin kitabları nümayiş edilib.
ADDA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə dünyanın bir çox alim və müəllimlərini öz ətrafında birləşdirən Rusiya Təbiətşünaslıq Akademiyası nəşriyyatında 2004-2020-ci illər üçün çap olunmuş kitablar, həmçinin akademiyanın son illərdə keçirilən tədris və metodiki nəşrləri də nümayiş etdirilib. Bu nəşrlər arasında Rusiya Təbiətşünaslıq Akademiyasının kataloquna daxil olan ADDA-nın “Dəniz naviqasiyası” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Rövşən Hümbətəliyevin həmmüəllifi olduğu 7 kitab və akademiyanın İnformasiya Resurs Mərkəzinin baş mütəxəssisi, “Tətbiqi mexanika” kafedrasının müəllimi Adil Sadiqovun müəllifləri sırasında yer aldığı “Alqoritmlər nəzəriyyəsi” kitabı da olub.
Rusiya Təbiətşünaslıq Akademiyasından R.Hümbətəliyevə Beynəlxalq Kitab Sərgisinin iştirakçısı olmasını təsdiq edən diplom, Beynəlxalq Kitab Sərgisinin iştirakçısının qızıl medalı və həmmüəllifi olduğu kitabların sərgidə təqdim edilən kataloqunda yer aldığını bildirən məktub göndərilib.
Qeyd edək ki, R.Hümbətəliyev Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki, Adil Sadiqov isə həmin Akademiyanın professorudur.
Moskva hökuməti, Rusiya Kitab İttifaqı, Rusiya Nəşrləri və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin dəstəyi ilə keçirilən sərgidə 70 ölkədən ümumilikdə 350-dən çox nəşriyyat iştirak edib. Builki sərgiyə ilk dəfə iştirakçılar həm əyani, həm onlayn formada qatıla biliblər. Bu format tədbirin auditoriyasının genişlənməsində böyük rol oynayıb.
Sərgi müddətində 600-dən çox işgüzar görüşlər keçirilib. Koreya Respublikası "Gələcək İndi" proqramını təqdim edərək Moskva Beynəlxalq Kitab Forumunda fəxri qonaq olub. Belçika, Böyük Britaniya, Macarıstan, Vyetnam, Almaniya, Yunanıstan, Misir, İsrail, Hindistan, İran, İtaliya, Çin, KXDR, Kolumbiya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Pakistan, Polşa, Serbiya kimi ölkələrin aparıcı naşirlərinin kitabları müxtəlif formatlarda təqdim olunmuş, Sinqapur, Suriya, Türkiyə, Fransa, Estoniya, Koreya Respublikası, Yaponiya və bir çox xarici ölkələrin nümayəndələri isə forumun qonağı olublar.