ELM VƏ TƏHSİL
600-dən yuxarı bal toplayan 2 tələbənin seçimi Dövlət Dəniz Akademiyası olub
Bakı, 28 sentyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2020-2021-ci il tədris ili üzrə tələbə qəbulunun nəticələri məlum olub.
ADDA-dan AZƏRTAC-a bildirilib ki, cari tədris ili üçün Nazirlər Kabineti tərəfindən əvvəlcədən təsdiqlənmiş 200 plan yerindən 194-nə tələbə qəbul olunub. Bu il akademiyaya qəbul olan tələbələrdən 2-si 600-dən yuxarı bal toplayıb. 674,5 və 612,9 bal toplayan həmin abituriyentlər “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını (ingilis dilində tədris) seçiblər.
Abituriyentlərdən 17-si 500-599, 47-si 400-499, 107-si 300-399, 21-i isə 200-299 aralığında bal toplayaraq ADDA tələbəsi olmaq şansını qazanıb. Yeddi nəfərdən başqa qalan tələbələr dövlət hesabına təhsil alacaq.
Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə 80 , “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə 15, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə 80, “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə isə 25 yer nəzərdə tutulub.
Boş qalan 6 yer “Gəmi energetik qurğularının istismarı mühəndisliyi“ ixtisası (rus dilində tədris) üzrədir.