REGİONLAR
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni avtomobil tunelinin inşasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr nəzərdə tutulub.
Layihəyə əsasən, tunelboyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da planlaşdırılır. Hazırda tikinti ərazisində torpaq işlərinə başlanılıb, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması işləri görülür.
Yeni tunel istifadəyə verildikdən sonra avtonəqliyyat vasitələri dəmir yolu xəttini keçmədən rahat şəkildə öz yollarına davam edə biləcəklər. Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.