ELM VƏ TƏHSİL
“Azərbaycanın ədəbi siluetləri” kitabı çap olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq və slavistika bölməsinin aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc İmanovanın, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi linqvistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hüseynovanın, rus dili və ədəbiyyatı üzrə mütəxəssis, tanınmış və təcrübəli təhsil işçisi Vəzir Qasımovun birgə rus dilində ərsəyə gətirdikləri “Literaturnıye siluetı Azerbaydjana” (“Azərbaycanın ədəbi siluetləri”) kitabı “ Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən çap edilib.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kitaba Azərbaycan yazıçı və şairləri haqqında oçerk və məqalələr daxil edilib. Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru, professor Rəhilə Quliyevadır. Kitab Vəzir Qasımovun xatirəsinə həsr olunub.
Kitabda xüsusi vurğulanır ki, ədəbiyyat mədəniyyətlərarası ünsiyyətin ən vacib vasitəsidir. Ədəbiyyat hər bir xalqın mənəviyyatını, cəmiyyətin həyat təcrübəsini və intellektual qaynaqlarını şəxsiyyətlər vasitəsilə əks etdirir, eyni zamanda, mədəni irsin ötürülməsini və nəsillər arasında əlaqələndirici bir vəsiləni təşkil edir. Bu, həm keçmişdə, həm də müasir dövrdə çox vacibdir.
Nəşrdəki hər bir oçerk və məqalə müəyyən bir müəllifin ideoloji təkamülünü göstərir.
Zəngin məlumatlara əsaslanan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.