REGİONLAR
NDU-da Dünya Ürək Gününə həsr olunmuş elmi-praktik konfrans olub
Naxçıvan, 29 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Kardioloji Dispanserin iştirakı ilə 29 sentyabr - Dünya Ürək Gününə həsr olunmuş elmi-praktik konfransda ürək-damar xəstəliklərinin xüsusiyyətləri və onların müasir müalicə üsulları barədə maraqlı elmi məruzələr dinlənilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, elmi-praktik konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev Dünya Ürək Gününün təsis edilməsinin tarixi barədə danışıb. Qeyd edib ki, Dünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Dünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov çıxışında bildirib ki, hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və bu xəstəlik səbəbindən hər il 17 milyondan çox insan dünyasını dəyişir. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır.
Kardioloji Dispanserin baş həkimi Ramin Hacıyev “Kardiovaskulyar xəstəliklərdə cihaz müalicəsi”, İstanbul Koşuyolu Universitetinin uzman kardioloqu Elnur Əlizadə “CTO - xronik koronar arteriyaların total okluziyalarında yeniliklər”, NDU-nun Ümumi təbabət və klinik fənlər kafedrasının baş müəllimi, Kardioloji Dispanserin həkimi Süleyman Cəfərov “Hipertoniya xəstəliyi və onun müasir müalicə metodları”, Kardiologiya ixtisası üzrə həkim-rezident Sara Əzizli “ST elevasiyasız miokard infaktı” adlı çıxışlar ediblər.
Çıxışlarda qeyd olunub ki, Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq mümkündür.