SİYASƏT
Türkiyə rəsmisi: Ermənistanın bu təxribatları bölgədəki sülh danışıqlarını “baltalayır”
Bakı, 29 sentyabr, AZƏRTAC
Ermənistanın bu təxribatları bölgədəki sülh danışıqlarını “baltalayır”.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a verilən məlumata görə, bu sözlər Türk Ticarət və Sənaye Palatasının (TOBB) sədri Rıfat Hisarcıklıoğlunun ASK-ın prezidenti Məmməd Musayevə ünvanladığı məktubunda yer alıb.
Məktubda deyilir ki, sentyabrın 27-dən başlayan hadisələri öz növbəsində TOBB da diqqətlə izləyir və Ermənistanın bu təxribatlarının bölgəmizdəki sülh danışıqlarını “baltaladığını” bəyan edir.
Bu təxribatlar beynəlxalq hüququ açıq şəkildə tapdalayır. Mülki əhali arasında itkilərə yol açan bu təxribatları şiddətlə qınayırıq. Ermənistan bu təxribatçı hərəkətləri ilə bölgədə sülh və əmin-amanlıq üçün əsas təhlükə olduğunu bir daha göstərdi deyən R.Hisarcıklıoğlu Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün haqlı müdafiəsini dəstəklədiklərini qeyd edib.
Bu dönəmdə türk iş dünyasının və Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır deyən TOBB sədri beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırıb.
R.Hisarcıklıoğlu Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allah rəhmət diləyib, “Can Azərbaycan”a başsağlığı verib və yaralılara acil şəfa diləyib.