İQTİSADİYYAT
İkinci maliyyə paketi üzrə vergiödəyicilərinə və fərdi sahibkarlara 117,33 milyon manat ödənilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 2-ci mərhələ çərçivəsində 237 min 272 muzdlu işçini əhatə edən 23 min 188 vergiödəyicisinə maliyyə dəstəyi göstərilib.
AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ikinci maliyyə paketi çərçivəsində pandemiyadan zərərçəkmiş vergiödəyicilərinə 104 milyon 83 min manat vəsait ödənilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, ikinci mərhələ çərçivəsində 50 min 148 fərdi sahibkara 13 milyon 252 min manat maliyyə dəstəyi göstərilib.