SİYASƏT
Bundestaqın hakim Xristian/Demokrat-Xristian Sosialist İttifaqı fraksiyası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad edib
Berlin, 29 sentyabr, AZƏRTAC
Almaniya Bundestaqının Xarici işlər komitəsinin üzvü, hakim Xristian/Demokrat-Xristian Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət üzrə sözçüsü Yürqen Hartın fraksiya adından verdiyi “Dağlıq Qarabağ uğrunda döyüşlər təcili dayanmalıdır. Cənubi Qafqazda sülh, demokratiya və sabitlik gücləndirilməlidir” adlı bəyanatda münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında döyüşlərin təcili dayandırılmasına çağırış edilir.
Bəyanatda, həmçinin bildirilir ki, təxminən 30 ildən bəri davam edən qarşıdurmada minlərlə insan həlak olub.
Davamlı həll yalnız danışıqlar masasında əldə edilə bilər. Bunun üçün vasitələr də var. 1992-ci ildə müharibənin başlanmasından bəri ATƏT-in Minsk qrupu münaqişənin həllinə çalışır.
Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya fundamental prinsiplər kimi dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı da aiddir. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884) bu mövqeyi dəstəkləyir. Hər iki tərəf Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi üçün razılaşdırılmış həlli tapmağa çağırılır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin