CƏMİYYƏT


15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Bakı, 15 fevral, AZƏRTAC

Hər il fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu gün bütün insanları xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə mənəvi dəstək olmağa çağırır və bu xəstəliklər haqqında əhalinin maariflənməsində böyük rol oynayır. Bundan əlavə 15 Fevral dünya ictimaiyyətinin onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətini artırır və onların problemlərini həll etməyə səsləyir.

Bütün xəstəliklərdə olduğu kimi xərçəngdən əziyyət çəkən uşaqların da problemləri onların valideynləri ilə yanaşı dövlətin, səhiyyənin, qeyri–dövlət qurumlarının və bütün cəmiyyətin daima diqqət mərkəzində olmalıdır.

Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5 faizini təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəngin növüdür.

Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Digər bədxassəli şişlər məhz, nefroblastoma, neyrolastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda altı-yeddi faiz təşkil edir. Böyüklərdə təsadüf edilən mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür.

2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində respublikada ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Hazırda bu klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, çox komponentli müalicənin bütün növləri icra edilir. Klinikada ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir. Mərkəzdə 19 həkim və 40 tibb bacısı çalışır.

Bu müasir müalicə ocağının yaradılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var.

Qeyd edək ki, bu gün eyni zamanda, dünyada xərçəng xəstəliyinə qalib gəlmiş uşaqların qəhrəmanlığını, həmçinin valideynlərinin və onlara qayğı göstərən tibb personalının fədakarlığını əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.