ELM VƏ TƏHSİL
15 NÖMRƏLİ MUSİQİ MƏKTƏBİNƏ BƏSTƏKAR RAUF HACIYEVİN ADI VERİLMİŞDİR
Bu yaxınlarda Bakı şəhərindəki 15 nömrəli orta musiqi məktəbinə görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Rauf Hacıyevin adı verilmişdir. Bu, Azərbaycan Prezidenti Heydər Əliyevin tanınmış musiqiçinin 80 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı ilə əlaqədar təşkil edilmiş tədbirlərdən biridir. Bunu AZƏRTAC-ın müxbirinə məktəbin direktoru Nadir Babayev bildirmişdir.
Müxtəlif janrlarda gözəl əsərlər yaratmış unudulmaz sənətkar Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə qiymətli tövhə vermişdir.
Məktəbə bəstəkarın adının verilməsi məktəbin şagirdləri Ülkər Hacılının (fortepiano) və Narın Musayevanın (skripka) Bryanskda keçirilən beynəlxalq “Delfin oyunları” festivalında uğurlu çıxışı ilə bir vaxtda düşmüşdür. Onlar müasir bəstəkarların əsərlərinin ən yaxşı ifasına görə fəxri diplomlarla mükafatlandırılmışlar.
Bu tədris müəssisəsinin gözəl musiqi ənənələri vardır. Məktəbin yetirmələri müxtəlif respublika müsabiqələrində, beynəlxalq müsabiqələrdə və festivallarda dəfələrlə mükafata layiq görülmüşlər. Belə ki, 7-ci sinif şagirdləri Sarya İsayeva və Ülkər Hacılı Tofiq Quliyevin əsərlərinin ən yaxşı ifasına görə onun adına festivalın diplomları ilə təltif olunmuşlar. Bu ilin mart ayında keçirilmiş “Qönçə” festivalında isə məktəbin şagirdləri ümumi hesabda festivalın Qran-pri mükafatını almışlar.
Məktəbə Rauf Hacıyevin adının verilməsi ilə əlaqədar foyedə bəstəkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi təşkil edilmişdir.