SİYASƏT


“15 iyul - xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirilib

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “15 iyul - xalqın səsi, ədalətin zəfəri! Azərbaycan-Türkiyə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Bakı Yunus Əmrə İnstitutunun və TÜRKPA-nın birgə təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyi və Bakı Avrasiya Universitetinin dəstəyi ilə reallaşıb.

Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi zamanı qardaş ölkə hakimiyyətinə Azərbaycan dövləti və xalqının göstərdiyi dəstək üçün təşəkkür etmək məqsədilə keçirilən tədbir hər iki ölkənin müstəqilliyinə həsr olunub.

Əvvəlcə Türkiyənin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səslənib.

Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova bir neçə gün əvvəl Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin və Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümlərinin qeyd edildiyini diqqətə çatdırıb. FETÖ terror qruplaşması tərəfindən çevriliş cəhdi zamanı türk xalqının birlik nümayiş etdirdiyini, Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu vurğulayıb.

TÜRKPA-nın baş katibi Jandos Asanov bildirib ki, bu il türk dünyası üçün xüsusi ildir. Hazırda TÜRKPA-nın üzvü olan türkdilli postsovet ölkələri - Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan müstəqilliklərinin bərpasının 25-ci ilini qeyd edirlər. Jandos Asanov Azərbaycanın, o cümlədən digər türkdilli ölkələrin siyasi, iqtisadi və sosial sahələrdə inkişaf etdiyini vurğulayıb.

Baş katib TÜRKPA-nın Türkiyədə baş verən dövlət çevrilişi cəhdini ciddi sürətdə pislədiyini bildirib.

Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız Azərbaycanı müstəqilliyini bərpa etməsinin 25 illiyi münasibətilə təbrik edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Türkiyədə baş vermiş hadisələr və 15 iyul zəfəri barədə danışan M.Yıldız Azərbaycanın və digər türk dövlətlərinin dəstəyini xüsusi vurğulayıb.

Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Qənirə Paşayeva iyulun 15-də Türkiyədə FETÖ terror qruplaşmasının çevrilişə cəhd göstərdiyini, xalq və milli iradənin gücünün həmin gecə şanlı qələbə qazanaraq Türkiyənin adını tarixə bir daha yazdığını söyləyiblər.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral 15 iyul gecəsi Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə xalqın meydanlara çıxdığını, demokratiyanın qorunması uğrunda öz canını qurban verməyə hazır olduğunu sübut etdiyini söyləyib. Bildirib ki, Azərbaycan 15 iyul hadisələri zamanı Türkiyənin yanında olan, həmrəylik göstərən ilk dövlətlərdən biridir.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mitinqlərin birində Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin şeirini oxuduğu, ulu öndər Heydər Əliyevin arxiv videolar əsasında hazırlanan, həmçinin çevriliş cəhdinə qarşı xalqın mübarizəsini əks etdirən videoçarxlar nümayiş olunub, Azərbaycan və türk dillərində şeirlər səsləndirilib.

Sonda çıxış edən Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım tədbirdə iştirak edənlərə və dəstək verənlərə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.