REGİONLAR
15 iyun - tariximizin parlaq səhifəsi
Qax, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, onun ölməz ruhu qarşısında bir daha baş əyir. 1993-cü ilin iyununda - müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz dahi rəhbərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkə xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qax Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə geniş nəzər salınıb, 1993-cü ilin iyun hadisələri ətraflı təhlil olunub. Bildirilib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalıb. İqtidarda olanların səriştəsiz və xəyanətkar əməlləri nəticəsində 1993-cü ilin iyununda hakimiyyət böhranı kulminasiya həddinə çatıb, ölkəni xaos və anarxiya bürüyüb, dövlət müstəqilliyimiz çox ciddi təhlükə ilə üzləşib.
Belə bir dövrdə əsrlərboyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti sayəsində Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bilib. Bu səbəbdən də 15 İyun- Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür, tariximizin parlaq səhifəsidir.
Tədbirdə çıxış edənlər Azərbaycanın 24 il əvvəl iyunun 15-dən başlanan yüksəlişinin bu gün də davam etdiyini, ölkənin iqtisadi qüdrətinin durmadan artığını bildiriblər. Vurğulanıb ki, hazırda müstəqil Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünyanın qüdrətli və zəngin ölkələrindən birinə çevrilib.