SİYASƏT


15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür

Bakı, 13 iyun, AZƏRTAC

Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sərgiyə baxıblar.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Dünya şöhrətli dövlət xadimi ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə kimi səciyyələnir. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan edib. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəyə naşı şəxslər rəhbərlik ediblər. Həmin dövrdə Azərbaycan torpaqlarının erməni cəlladları tərəfindən işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirib. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya hərtərəfli inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilib. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyası böhrana son qoyub və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlanıb.

Heydər Əliyevin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan İ.Mehdiyev bu gün dahi şəxsiyyətin siyasi məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırıb. Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolla uğurla irəliyə addımlayır. Bu yol müstəqil siyasət, davamlı inkişaf, tərəqqi yoludur. Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirib, mövqelərini daha da möhkəmləndirib.

Tədbirdə çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və digərləri milli qurtuluş fəlsəfəsinin, sözün geniş mənasında, Azərbaycanın ən böyük tarixi nailiyyətini - müstəqilliyini təmin etdiyini bildiriblər.

Sonda Milli Qurtuluş Gününə həsr olunan “Xilaskar” filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.