İQTİSADİYYAT


1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilərək, səhmləri özəlləşdirilib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Özəlləşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki dövlət proqramı, özəlləşdirmə ilə bağlı qanun və 50-dən çox normativ-hüquqi sənəd təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Bakı Ekspo Mərkəzində keçirilən “Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfransda deyib. O bildirib ki, özəlləşdirmə prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib. Həmçinin 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilərək, səhmləri özəlləşdirilib. Yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdiyi investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 milyard ABŞ dolları məbləğində investisiyalar yatırılıb.

Komitə sədrinin müavini çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi islahatların fonunda Azərbaycanda hazırda dövlət əmlakının özəlləşdirilməsinin prioritet sahə elan olunduğunu qeyd edib.

O, ölkəmizdə özəlləşdirmənin tarixi, özəlləşdirmə prosesində yeni yanaşmalar və onun perspektivləri haqqında məlumat verib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan genişmiqyaslı özəlləşdirmə prosesinin ötən müddətdə ölkə iqtisadiyyatının inkişafında oynadığı rolu xüsusilə vurğulayıb. Bunun davamı olaraq Prezident İlham Əliyevin Fərman və tapşırıqları ilə özəlləşdirmə prosesinin keyfiyyətcə yeni mərhələsinin başlandığı, bu prosesin qeyri-neft sektorunun inkişafına töhfəsi diqqətə çatdırılıb.

Qeyd olunub ki, hazırda mühüm məsələlərdən biri də regionlarda rəqabətqabiliyyətli müəssisələrin fəaliyyətinin yenidən qurulması, istehsal potensialının artırılması, büdcə yükünün azaldılmasıdır. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamət kimi müəyyən edilib. Bu baxımdan dövlət başçısının 19 iyul 2016-cı il tarixli Fərmanı xüsusi əhəmiyyətə malikdir.

Fərmanla komitəyə ən mütərəqqi üsullarla və nüfuzlu məsləhətçi şirkətlərinin imkanlarından istifadə etməklə özəlləşdirmənin həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bu Fərman və Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yeni dövlət müəssisə və obyektləri özəlləşdirilməyə açıq elan olunub.

Vurğulanıb ki, bu müəssisələrin özəlləşdirilməyə açılması belə sahələrə yeni irihəcmli investisiyaların qoyulmasına zəmin yaradacaq. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək.

Tədbirdə diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlıq çərçivəsində komitə tərəfindən dünyada “Böyük Dördlük” kimi tanınan nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri, eləcə də investisiya qurumları və beynəlxalq maliyyə institutları ilə birgə işlər aparılıb. Komitə ilə dünya reytinqində nüfuzlu “PricewaterhouseCoopers” (PwC) beynəlxalq şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Qeyd edilib ki, özəlləşdirmənin yeni mərhələsində müasir informasiya-kommunikasiya texnologiyaları və elektron xidmətlər aktiv tətbiq olunur. Prosesi daha optimal, şəffaf və rahat şəkildə reallaşdırmaq üçün Özəlləşdirmə portalı yaradılıb.

R.Cəlilov deyib ki, komitə tərəfindən intensiv olaraq açıq və şəffaf hərraclar keçirilir. Hərrac barədə elanlar və hərracların nəticələri komitənin internet resursları və mətbu orqanları vasitəsilə ictimaiyyətə açıqlanır.

Sədr müavini Azərbaycanda həyata keçirilən özəlləşmə prosesinin yeni mərhələsinin xarici investorlar üçün kifayət dərəcədə maraqlı olduğunu vurğulayıb. Hazırda ölkədə özəlləşdirmə prosesində tətbiq olunan yeniliklərin potensial xarici və yerli investorlara çatdırmaq və onları sərmayə yatırmağa dəvət etmək baxımından konfransın önəmi nəzərə çatdırılıb.

Konfransda müxtəlif dövlət qurumlarının nümayəndələrinin ölkədəki iqtisadi mühit, qeyri-neft sektorunun inkişaf perspektivləri, vergi və gömrük siyasəti, strateji özəlləşdirmə və investorlar üçün bu kimi digər maraqlı məsələlərlə bağlı məruzələri dinlənilib. Ölkəyə investisiyaların cəlb edilməsi şərtləri, investorların maraqlarının təmin olunması, sərmayə yatırımı üçün münbit sahələr, investisiyadan sonrakı yenidənqurma və profil üzrə fəaliyyət və digər məsələlərə aydınlıq gətirilib.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Banklar Assosiasiyasının rəsmiləri, nüfuzlu beynəlxalq investisiya və əmlak şirkətlərinin rəhbərləri, eləcə də ictimai təşkilatlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.