SİYASƏT
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Daşkənd, 1 oktyabr, AZƏRTAC
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) İdarə Heyətinin üzvləri Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatına, Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin rəhbərlərinə, UNESKO-ya və digər nüfuzlu təşkilatlara ünvanlanan müraciəti qurumun sədri Firdovsi Hüseynov və idarə heyətinin üzvləri imzalayıblar.
Müraciətdə deyilir ki, sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələri iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutub.
Qeyd edilir ki, beynəlxalq hüququn norma və prinsiplərini pozan Ermənistan ordusu cəbhənin Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində mülki obyektləri və sakinlərin evlərini atəşə tutub, ölənlər və yaralananlar var.
Bildirilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Bu sənədlər hələ də yerinə yetirilməyib və bununla da təcavüzkar dövlət dünya birliyinə meydan oxuyur.
Müraciətdə, həmçinin deyilir: “Beynəlxalq təşkilatlara müraciət edirik ki, təcavüzkarı dayandırın, işğala son qoyulsun. Bizə başqasının torpaqları lazım deyil, öz torpaqlarımız lazımdır”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd