SİYASƏT
Yevlaxlı gənclər səfərbərlik çağırışına böyük coşqu ilə qoşulublar VİDEO
Yevlax, 1 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizdə törətdiyi təxribatın qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi üçün artıq üçüncü gündür Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkəmizdə qismən səfərbərlik elan olunub. Respublikamızın digər yerlərində olduğu kimi, Yevlax rayonunda da ordu sıralarına çağırılanlar qələbə əzmi ilə cəbhə bölgəsinə yollanırlar. Həmçinin düşmənə qarşı könüllü döyüşmək istəyənlərin müraciətləri də qeydə alınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur. Gənclər ön cəbhəyə böyük sevinc hissi və ruh yüksəkliyi ilə yola düşdüklərini bildirirlər. Ali Baş Komandanın səfərbərlik çağırışına səs verənlər arasında qazilərimiz də çoxdur.
Siyahı üzrə adları qeydiyyata alınmış yevlaxlı çağırışçılar onlar üçün ayrılan avtobuslara minib yüksək əhval ruhiyyə ilə cəbhə xəttinə yola salınıblar.