REGİONLAR
Biləsuvarda indiyədək tədarük olunan pambığın 10 min tondan çoxu maşınlarla yığılıb
Biləsuvar, 21 oktyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda pambıq yığımının sürəti günbəgün artır. Ötən il sahələrdən 30 min 249 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları az vaxtda sahələrdən 11 min 822 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Yığılan məhsulun 10 min 822 tonu maşınların köməyi ilə toplanılıb.
Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il biləsuvarlı pambıqçılar 10 min 61 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdən bol məhsul yetişib. Məhsulu qısa müddətdə toplamaq üçün işə 2990 nəfər işçi qüvvəsi cəlb olunub, 49 ədəd ən müasir və məhsuldar kombayn və yığım üçün lazım olan digər texnika məhsul istehsalçıların ixtiyarına verilib. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən hər gün 490-495 ton məhsul toplanılır.
Qabaqcıl pambıqçı Elməddin Vəliyev uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 8 hektar sahənin hər hektarından 40 sentner məhsul götürüb.
“Bu il 10 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi həyata keçirdiyimdən bu il də sahəmdə məhsul boldur. Hər il olduğu kimi bu mövsüm də məhsulu maşınlarla yığıram. İndiyədək sahədən 22 ton pambıq toplamışam. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq. Dövlətimiz tərəfindən pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini 15 hektara çatdırmaq fikrindəyəm”, – deyə fermer bildirib.