CƏMİYYƏT
Zaqatalada arvadını balta ilə öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də saat 15 radələrində Zaqatala rayonunun Yengiyan kənd sakini 1978-ci il təvəllüdlü İsmayılova Zalxa Qədim qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Zaqatala Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri İsmayılov Fazil Allahverdi oğlunun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə xəsarətlər yetirərək Zalxa İsmayılovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Fazil İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.