CƏMİYYƏT
Gürcüstanlı gənclər: Azərbaycan Prezidenti İlham Əliyev dünya siyasətçiləri üçün örnəkdir
Tbilisi, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində Gürcüstan barədə söylədiyi fikirlər gürcüstanlı gənclər tərəfindən yüksək qiymətləndirilir.
Gürcüstanın bəzi gənclər fikirlərini AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri ilə bölüşüblər.
Gənclər arasında xüsusi fəallığı ilə seçilən Leyla Əmrahova deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri həqiqətən də çox yüksək səviyyədədir. İkitərəfli münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bizim üçün sevindirici və qürurverici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərə yüksək qiymət verir. Prezident İlham Əliyevin “Azərbaycan-Gürcüstan münasibətləri digər ölkələr üçün nümunədir” fikri bizim dostluğumuza, mehriban qonşuluğumuza verilən ən yüksək qiymətdir. Bu, həm də biz gənclərə fəaliyyətimizi hansı istiqamətdə inkişaf etdirməkdə böyük əhəmiyyət kəsb edir.
“Azərbaycan Prezidenti bir daha sübut etdi ki, Gürcüstanla münasibətlər xüsusi və böyük önəm verir. İlham Əliyev, eyni zamanda, özünün necə böyük və praqmatik siyasi xadim, necə böyük sərkərdə olduğunu sübut etdi”, - deyə L.Əmrahova vurğulayıb.
Gürcü ictimaiyyətinin nümayəndəsi, 4-cü kurs tələbəsi Zaza Patiaşvili də Azərbaycan Prezidentinin çıxışını yüksək qiymətləndirib.
O deyib: “Mən tarixçiyəm. Deyə bilərəm ki, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bizim sabiq Prezident Eduard Şevardnadzenin dövründə münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb. Bu gün isə Prezident İlham Əliyev bu dostluğu inkişaf etdirir. Gürcüstan hökuməti də adekvat addım atır və bunun nəticəsidir ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
O bildirib ki, Gürcüstanda və Azərbaycanda tolerantlıq hökm sürür. Prezident İlham Əliyev də bunu yüksək qiymətləndirir və bunun digər ölkələr üçün nümunə olduğunu qeyd edir.
“Bu, bizim üçün çox yüksək qiymətdir. Buna görə Azərbaycan Prezidentinə minnətdaram”, – deyə Zaza Patiaşvili vurğulayıb.
Gənc siyasətçi Təmkin Nağıyev isə deyib: “Azərbaycan Prezidenti İlham Əliyev daim Gürcüstana, xüsusən də burada yaşayan soydaşlarımıza xüsusi diqqət və qayğı göstərib. Biz gənclər bu qayğını bu gün də görürük və bundan qürur duyuruq. Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman Azərbaycan dövlətinin yanındadır, həmişə tarixi və mənəvi vətənimizə dəstək göstərməyə hazırıq”.
T.Nağıyevin sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstan-Azərbaycan münasibətləri barədə söylədiyi fikirlər, xüsusən də bu əlaqələrin başqa dövlətlər üçün nümunə olması barədə dedikləri onlara ruh verir. Bu, praqmatik, gələcəyə nikbin baxan, dostluğu, sülhü, təhlükəsizliyi sevən və tərənnüm edən Azərbaycan Prezidentinin müdrikliyini sübut edir.
“Bu, eyni zamanda, bizdə ikiqat sevinc yaradır və dostluğumuzu daha da möhkəmləndirir” - deyə, T.Nağıyev vurğulayıb.
Hüquqşünas Qia Qiorqadzenin fikrincə, Prezident İlham Əliyevin “Azərbaycan-Gürcüstan münasibətləri digər ölkələr üçün nümunədir” fikri tarixi əhəmiyyət daşıyır.
“Bu, təkcə bizim münasibətlərimizə verilən yüksək qiymət deyil, bu, həm də digər ölkələri sülhə çağırmaq deməkdir. İlham Əliyev bu sözləri deməklə həm uzaqgörən, praqmatik, həm də sülhsevər prezident olduğunu sübut edir. Prezident İlham Əliyev dünya siyasətçiləri üçün örnəkdir”, – deyə Qia Qiorqadze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi