REGİONLAR
İrina Yuryevna: Ermənilərin Gəncə və Bərdədə törətdikləri terror aktları heç vaxt unudulmayacaq
Şamaxı, 29 oktyabr, Adil Ağayev, AZƏRTAC
Gəncədə və ardınca Bərdədə törədilən qətliam, dinc, günahsız insanların kütləvi qırğını məni, eləcə də kəndimizdə yaşayan və Azərbaycanı özümüz üçün doğma vətən sayan bütün rusları sarsıdıb. Bərdəyə son raket zərbəsi nəticəsində aralarında uşaqların da olduğu 21 nəfər dinc insanın ölümü, 70 nəfərin yaralanması əsl soyqırımıdır. Erməni hərbi-siyasi dairələrinin insanlıqla bir araya sığmayan bu vəhşiliyi bağışlanmazdır. Mənim üçün çox maraqlı və anlaşılmazdır ki, axı ermənilər də biz ruslar, eləcə də digər azsaylı xalqlar kimi Azərbaycanda çox rahat, sakit və problemsiz yaşayırdılar. Həmişə onlardan mehribanlıq, qayğıkeşlik görüblər. Bəs belə bir şəraitdə ermənilərə nə oldu? Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər, bir milyon azərbaycanlını yurd-yuvalarından qovub çıxardılar, Xocalı soyqırımını törətdilər.
Bu sətirləri AZƏRTAC-ın bölgə müxbirinə Şamaxı rayonunda rusların məskunlaşdığı Nağaraxana kəndindən olan 53 yaşlı Kiriyeva İrina Yuryevna söyləyib: “Bu gün Azərbaycan işğal altında olan və talan edilən ərazilərini Ermənistan ordusundan təmizləyir. Bütün Azərbaycan xalqı, o cümlədən bu torpaqlarda məskunlaşan, bu xalqın bir parçası olan biz ruslar Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurları böyük sevinclə izləyirik. Bəli, artıq erməni ordusu diz çökür. Böyük Qələbə günü yaxınlaşır. Qələbədən sonra illər keçəcək, həyat öz axarına düşəcək. Lakin Xocalı soyqırımı kimi Ermənistanın indiki rəhbərlərinin törətdikləri Gəncə, Bərdə soyqırımları da heç vaxt unudulmayacaq”, - deyə İrina Yuryevna söyləyib.